Wi-Fi dövrünün sonu: Dünya yeni bir texnologiyaya keçməyə hazırlaşır
Getdikcə daha çox şirkət və istifadəçi adi Wi-Fi texnologiyasına alternativ hesab edilən LiFi texnologiyasına maraq göstərir. Yeni sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, məlumat ötürülməsi üçün radio dalğaları deyil, LED lampaların işığından istifadə olunur.
Bu barədə "Gyereksz" nəşri yazır.
Texnologiya internet siqnalını insan gözünün hiss etmədiyi işıq impulsları vasitəsilə ötürmək prinsipi ilə işləyir. Beləliklə, adi LED lampa eyni zamanda həm işıq mənbəyi, həm də internet routeri funksiyasını yerinə yetirə bilər.
Texnologiyanın digər mühüm üstünlüyü təhlükəsizlikdir. İşıq divarlardan keçmədiyi üçün siqnalın kənardan ələ keçirilməsi daha çətin olur. Məhz buna görə də LiFi artıq ofislərdə, banklarda, universitetlərdə və məlumat təhlükəsizliyinin vacib olduğu dövlət qurumlarında sınaqdan keçirilir.
Bundan əlavə, texnologiya sürətdə ciddi azalma olmadan çox sayda cihazın eyni anda qoşulmasına imkan verir. Radio tezliklərindən fərqli olaraq, işıq spektri demək olar ki, yüklənmir.
Hazırda LiFi texnologiyası hələlik Wi-Fi-ni tam əvəz edə bilmir. Çünki sistem daimi işıq mənbəyi və birbaşa əhatə zonasına ehtiyac duyur. Bununla belə, ekspertlər hesab edir ki, yaxın illərdə bu cür sistemlər ənənəvi simsiz şəbəkələrlə birlikdə daha geniş istifadə olunacaq.
Artıq bu gün LiFi bir sıra Avropa ofislərində, hava limanlarında və təhsil müəssisələrində sınaqdan keçirilir. "Ağıllı ev" sistemləri istehsalçıları isə müasir LED işıqlandırma sistemlərinə internet bağlantısı dəstəyini inteqrasiya etməyə başlayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: