xebermen.az

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu gün, 14:41

 

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşdiriləcək.

Bu, Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-4.13-cü maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər 6000 manatdan 7000 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 20 min manat manatdək məbləğdə cərimə ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə vəzifəli şəxslər 7000 manatdan 8000 manatadək məbləğdə, hüquqi şəxslər 25 min manatdan 30 min manatdək məbləğdə cərimə ediləcək.

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni:

fərdi rəqəmsal hesabın yaradılması zamanı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrində müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun 13-4.2 - 13-4.5-ci maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;

16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;

16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;

toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;

fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə

vəzifəli şəxslər 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslər 35 min manatdan 40 min manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıdakı nəzərdə tutulmuş bütün xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 9000 manatdan 10 min manatadək məbləğdə, hüquqi şəxslər 45 min manatdan 50 min manatadək məbləğdə cərimə ediləcək./trend.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930