Ucuz smartfon dövrü bitir - Bu qiymətə telefon tapılmayacaq
Süni intellektə qlobal investisiyaların sürətlə artması yaddaş çiplərinə olan tələbatı yüksəldib. Bu isə smartfon istehsalının maya dəyərinə təsir göstərərək cihazların bahalaşmasına səbəb olur.
“Microsoft”, “Amazon”, “Google” və “Meta” kimi texnologiya şirkətləri məlumat mərkəzləri üçün böyük həcmdə yaddaş çipləri tədarük edir. Nəticədə ənənəvi DRAM və NAND çiplərinin bazarında təchizat çatışmazlığı yaranıb. “Samsung”, “SK Hynix” və “Micron” kimi aparıcı istehsalçılar isə istehsal imkanlarının daha böyük hissəsini süni intellekt sistemlərində istifadə olunan yüksək performanslı yaddaşlara yönəldirlər.
İnformasiya texnologiyaları bazarını təhlil edən “IDC”nin proqnozlarına əsasən, 2026-cı ildə smartfonların qlobal orta satış qiyməti 27,6 faiz yüksələrək 581 dollara çatacaq. Bununla yanaşı, dünya üzrə smartfon tədarükünün 16,7 faiz azalaraq 1 milyarddan bir qədər çox olacağı gözlənilir.
Qiymət artımından ən çox 100 dollardan ucuz smartfonların təsirlənəcəyi bildirilir. “IDC” artan yaddaş xərclərinin bu seqmentin bazarda mövqeyini ciddi şəkildə zəiflətdiyini qeyd edir. “Omdia”nın hesablamalarına görə isə 400 dollardan aşağı qiymətə satılan telefonlarda yaddaş xərcləri cihazın ümumi komponent dəyərinin təxminən 60 faizini təşkil edə bilər.
Analitiklər yaddaş çiplərinin qiymətindəki yüksəlişin yaxın vaxtlarda dayanmayacağını düşünürlər. Onların proqnozuna görə, mövcud problem ən azı iki il davam edə bilər.
Bu vəziyyətin nəticəsində istehlakçıların smartfonlarını daha uzun müddət istifadə etməsi, ikinci əl və yenilənmiş cihazlara yönəlməsi gözlənilir. Əks halda, yeni telefon almaq üçün əvvəlkindən daha çox pul xərcləmək lazım gələcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: