ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı geri çəkir - Nə baş verir?
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı nəzərdə tutulan “cəhənnəm sanksiyaları” ilə bağlı qanun layihəsinin qəbulunu ən azı noyabrda keçiriləcək Konqres seçkilərinədək təxirə sala bilər.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, sənəd həm demokratlar, həm də respublikaçıların müəyyən qrupları arasında narahatlıq doğurub.
“Hamımız Rusiyaya qarşı sanksiyaları dəstəkləyirik, lakin formula düzgün olmalıdır”, - deyə o vurğulayıb.
Qanun layihəsi bundan əvvəl Senatda sürətlə qəbul edilsə də, indi konqresmenlər əlavə tarif səlahiyyətlərinin ABŞ prezidenti Donald Trampa verilməsinin neft qiymətlərini artıracağından və Vaşinqtonun ticarət tərəfdaşlarına zərbə vuracağından ehtiyatlanırlar.
Sənədə əsasən, Ağ Ev rəhbəri Rusiya nefti və təbii qazının beş ən böyük alıcısına, həmçinin Moskvaya sanksiyalardan yayınmağa kömək edən beş ölkəyə qarşı 100 faizədək rüsum tətbiq etmək hüququ əldə edə bilər. Söhbət əsasən Çin, Hindistan və Türkiyədən gedir.
Respublikaçı Brayan Mast bildirib ki, hazırda qanun layihəsinin yanacaq bazarına mümkün təsiri qiymətləndirilir. Onun sözlərinə görə, Hindistan və digər ölkələrin Rusiya xammalından imtina etməyə məcbur edilməsi seçkilər ərəfəsində benzinin bahalaşmasına səbəb ola bilər.
Demokratlar isə bu təşəbbüsə qarşı çıxaraq, layihənin Tramp administrasiyasına tariflərdən qeyri-məhdud istifadə üçün hüquqi baza yarada biləcəyini bildirirlər.
Qanun layihəsinə ABŞ-ın iri şirkətləri - "ExxonMobil", "General Electric", "Ford", "Pfizer" və ABŞ Ticarət Palatası da etiraz edib. Şirkətlər xəbərdarlıq ediblər ki, genişmiqyaslı yeni tariflər ABŞ istehlakçıları üçün gözlənilməz nəticələrə və ölkənin ticarət tərəfdaşları ilə münasibətlərə mənfi təsir göstərə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: