Rusiyanın ən böyük neft qovşağına PUA zərbəsi - Güclü yanğın baş verib
Rusiyanın Samara vilayətində yerləşən və ölkənin ən böyük neft nəqli və paylama qovşağı hesab edilən “Samara” xətti istehsalat-dispetçer stansiyası (LPDS) Ukrayna dronlarının hücumuna məruz qalıb.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorisçev məlumat verib.
Onun sözlərinə görə, noyabrın 2-nə keçən gecə regiona kütləvi PUA hücumu həyata keçirilib. Qubernator sakinlərə hücumun nəticələrini əks etdirən foto və videoları yaymamaq barədə xəbərdarlıq edib.
“Astra” nəşrinin təhlilinə görə, dronların əsas hədəfi “Transneft” şirkətinə məxsus “Samara” xətti istehsalat-dispetçer stansiyası olub. Zərbədən sonra obyektdə güclü yanğın başlayıb, göyə qara tüstü sütunu yüksəlib. Hücum Ukraynanın "Exilenova+" monitorinq kanalı tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, 216 hektardan çox ərazini əhatə edən stansiyada ümumi tutumu 1,6 milyon kubmetrdən artıq olan 71 neft çəni yerləşir. Burada dörd magistral neft kəməri birləşir. Stansiya vasitəsilə Qərbi Sibir, Tatarıstan, Orenburq və Qazaxıstandan gələn neft sonrakı nəql üçün qəbul edilir.
Bu, son bir ay ərzində stansiyaya edilən beşinci hücumdur. Bundan əvvəl oktyabrın 2-si, 7-si, 10-u və 11-də də dronlar obyekti hədəfə alıb. Hər hücumdan sonra stansiyada yanğın baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: